XƏBƏRLƏR

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 oktyabr 2012-ci il Sərəncamı ilə Bakı şəhər prokurorluğunun idarə rəisi, əslən Mamılğan kəndindən olan eloğlumuz Pənah Əzizağa oğlu Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. *** Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə əslən Qabaqdibi kəndindən olan eloğlumuz Hacı Cəbrayıl İdris oğlu Mahmudov Tərəqqi medalı ilə təltif edilib. *** Prezidentin başqa bir sərəncamı ilə Anzov kənd məktəbinin müəllimi Mərdan Dadaşlı Tərəqqi medalı ilə təltif olunub. *** Nazirlər Kabinetinin qərarına əsasən, bu il Azərbaycanda qurban bayramı 25-26 oktyabr tarixləri elan edilib. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, 2012-ci ildə 25, 26 oktyabr tarixləri Qurban bayramına düşdüyündən həmin günlər iş günü hesab edilmir. Bu, həftənin 4-cü və 5-ci günlərinə təsadüf edəcək. *** Oktyabrın 3-də Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyində unudulmaz pedaqoq, uzun illər məktəb direktoru işləmiş mərhum Ağaxan Abdulovun anadan olmasının 75 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan, muzeyin direktoru Əli İskəndərov yubilyarın həyat və fəaliyyətindən iştirakçılara geniş məlumat verdikdən sonra bir dəqiqəlik sükutla mərhumun xatirəsi yad edilib. Sonra çıxış edən natiqlər Ağaxan Abdulovla bağlı xatirələrini söyləyiblər. Tədbirin sonunda mərhumun qardaşı, Yardımlı Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Yaşar Abdulov tədbirin keçirilməsində xidməti olmuş adamlara minnətdarlığını bildirib. *** Hər il olduğu kimi bu il də rayonumuzda 5 oktyabr Beynəlxalq “Müəllimlər günü” münasibəti ilə tədbir düzənlənib. Tədbiri giriş sözü ilə Rayon Təhsil şöbəsinin müdiri Manaf Balışov açıb və son bir ildə qazanılan uğurlarından danışıb. Tədbir boyu bir sıra müəllimlər çıxış etdikdən sonra söz Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmova verilib. O, rayonun təhsil işçilərini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar diləyib. Tədbirin sonunda fərqlənən müəllimlər icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən mükafatlandırılıb. Nəzərinizə çatdırırıq ki, Müəllimlər günü münasibəti ilə rayonun bir sıra məktəblərində də təntənəli tədbirlər keçirilib. *** Oktyabrın 8-də rayonun Gendərə və Gügəvar kəndlərində yeni məktəb binaları istifadəyə verilib. Hər iki məktəbin binası 13 otaqdan ibarətdir. Məktəblərin muasir idman zalı və istilik sistemi də var. *** Yardımlı şəhərində 6 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının açılışı olub. Yerli sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov açıb. Daha sonra vergilər nazirinin müşaviri Ələkbər Məmmədovun və 6 saylı Ərazi Vergi İdarəsinin rəisi Xosrov Əsgərovun çıxışları dinlənilib. Bildirilib ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 36 belə xidmət mərkəzi fəaliyyət göstərir və ilin sonunadək daha 4 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Yeni istifadəyə verilən terminalın fəaliyyət istiqamətlərindən danışan natiqlər burada lazımi şərait yaradıldığını xüsusi qeyd edərək, vergi ödəyicisi kimi qeydiyyatdan keçmək istəyən hər bir şəxsin daha Lənkəran şəhərində yerləşən 6 saylı Ərazi Vergilər İdarəsinə getməsinə ehtiyac qalmadığını, bütün məsələlərin elə yerindəcə həll olunacağını diqqətə çatdırıblar. Sonda vergi ödəyicilərini maraqlandıran suallara cavab verilib. *** Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibəti ilə rayonda keçirilən tədbirdə Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, icra aparatının rəsmiləri, YAP-ın Yardımlı rayon təşkilatı, Hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, eləcədə Milli Məclisin deputatı Mirkazım Kazımov, YAP Mərkəzi aparatının zona kuratoru Mirkamal Seyidov və YAP-ın idarə heyyətinin üzvü Kərim Kərimov iştirak edirdilər. Tədbir iştirakçıları öncə rayonun mərkəzində yerləşən ulu öndər Heydər Əilyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzdülər. Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə tədbiri giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev partiyanın ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan, ümummilli lider Heydər Əliyev fenomeninin böyüklüyündən, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışaraq geniş məruzə ilə çıxış etdi. Yeni Azərbaycan Partiyasının ölkənin ən güclü siyasi qüvvəsinə çevrilməsində partiyanın yaradıcısı, Heydər Əliyevin əvəzsiz xidmətlərini ön plana çəkən natiq ulu öndərin siyasi xəttinin, ideyalarının bu gün prezident, YAP sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı. Sonra tədbirdə çıxış edən icra başçısı Sevindik Hətəmov və natiqlər partiyanın keçdiyi çətin və şərəfli yola nəzər salıb, öz ətrafında əsl vətənpərvər insanları birləşdirən partiyanın ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs etdi. Bildirildi ki, 20 il bundan əvvəl YAP-ın yaranması müasir Azərbaycanın yeni tarixində ən mühüm hadisələrdən biridir. Bunu Azərbaycanın bu günü, əldə edilmiş böyük uğurlar, ölkəmizin partiya yarandığı dövrdəki və indiki vəziyyəti arasında yaranmış yerlə göy qədər fərq sübut edir. Ulu öndərin ideyalarından qaynaqlanan, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz uğurlara imza atan Azərbaycanda YAP-a insanların böyük inamı var və bu, hələ uzun illər davam edəcək. Tədbirin sonunda çıxış edənlər iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışdılar, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı fəal rolunu xüsusi qeyd etdilər. Tədbir konsert proqramı ilə davam etdi. Tədbirin sonunda YAP-a qəbul olunmuş bir qurup səhiyyə işçilərinə üzvülük vəsiqələri verildi.

DİQQƏT, ƏNƏNƏVİ SORĞUYA START VERİLDİ

Əziz oxucular! “Yardımlı Xeyriyyə Cəmiyyəti” artıq bir neçə ildir ki, rayonumuzda göstərdikləri xidmətlərə və qazandıqları uğurlara görə “İLİN ƏN YAXŞILARINI” mükafatlandırmaq məqsədi ilə ölkəmizdə yaşayan Yardımlı əsilli soydaşlarımız arasında sosial sorğu keçirir. Ənənəyə sadiq qalaraq təşkilat növbəti sorğunun suallarını nəzərinizə çatdırır: 1-Sizcə 2012-ci ildə rayonumuzda İLİN ƏN YAXŞI TƏHSİL İŞÇİSİ kimdir? 2-Sizcə 2012-ci ildə rayonumuzda İLİN ƏN XEYİRXAH İŞ ADAMI kimdir? 3-Sizcə 2012-ci ildə rayonumuzda İLİN ƏN NÜMUNƏVİ MƏMURU kimdir? 4-Sizcə 2012-ci ildə rayonumuzda İLİN YAZARI kimdir? 5-Sizcə 2012-ci ildə rayonumuzda İLİN ƏN YAXŞI BƏLƏDİYYƏSİ hansıdır? Sualları dekabrın 10-dək “Yardımlının Səsi” qəzetinin redaksiya ünvanına məktubla, elektron poçtuna (tekdam@mail.ru) və eləcə də əlaqə telefonuna(051-726.42.12) şifahi və ya mesaj yazıb göndərməklə cavablandıra bilərsiniz. Sorğunun nəticələri bu ilin sonunda müxtəlif informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq. “Yardımlı Xeyriyyə Cəmiyyəti” Sizi sosial-sorğuda fəal iştirak etməyə çağırır. Ötən illərdə "İLİN ƏN YAXŞISI" seçilmişləri nəzərinizə çatdırırıq: 2008-ci il üzrə "İLİN ƏN YAXŞI TƏHSİL İŞÇİSİ"- Heybət Qədirov, Alçabulaq kəndi "İLİN ƏN XEYİRXAH İŞ ADAMI"- Vəli Həsənov, Sumqayıtda yaşayan iş adamı, "İLİN ƏN NÜMUNƏVİ MƏMURU"- Şamil Seyidli, Yardımlı rayon Polis şöbəsinin sabiq rəisi, “İLİN ƏN SAVADLI MƏZUNU”- Vüsal Məmiyev 2009-cu il üzrə "İLİN ƏN YAXŞI TƏHSİL İŞÇİSİ"- Nazim Rzayev, Köryədi kəndi "İLİN ƏN XEYİRXAH İŞ ADAMI"- Rza Rzayev, Çayüzü kəndində yaşayan iş adamı, "İLİN ƏN NÜMUNƏVİ MƏMURU"- Əhməd Abbasov, MTN-nin Yardımlı rayon struktur bölməsinin sabiq rəisi "İLİN YAZARI"- Aslan Quliyev, yazıçı 2010-cu il üzrə "İLİN ƏN YAXŞI TƏHSİL İŞÇİSİ"- Zahir Məlikov, rəssam-heykəltaraş, Hamarkənd məktəbinin müəllimi "İLİN ƏN XEYİRXAH İŞ ADAMI"- Baxas Qubadov(Allah rəhmət eləsin!) "İLİN ƏN NÜMUNƏVİ MƏMURU"- Rəzzaq Gözəlov, rayon prokurorunun sabiq böyük köməkçisi "İLİN YAZARI"- Sakit İlkin, şair 2011-ci il üzrə “İLİN ƏN NÜMUNƏVİ MƏMURU”- Gündüz Abbasov, rayon Məhkəməsinin sədri “İLİN ƏN XEYİRXAH İŞ ADAMI”- Əli Hüseynov, Rusiya vətəndaşı, əslən Mamılğan kəndindən “İLİN YAZARI”- Mehdi Həsənov, yazıçı-publisist, Ostayır kənd məktəbi

DİQQƏT!

Redaksiyamıza daxil olan məlumata görə Şıxlar kəndində məscid binasının təmiri üçün Kapital bankın Yardımlı rayon filialında Mirqiyas İmran oğlu Əsgərovun adına hesab nömrəsi açılıb. Kim bu aksiyada iştirak etmək istəyirsə aşağıda göstərilən hesaba pul köçürə bilər: Kapital bankın Yardımlı filialı Kod: 200758 VÖEN: 9900003611 Əsgərov Mirqiyas İmran oğlu Hesab: 38010019447500986175

ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ İNŞA MÜSABİQƏSİ

Dekabrın 12-də Ulu Öndərin vəfatının 9 ili tamam olacaq. “Yardımlının Səsi” qəzeti bu münasibətlə Yardımlı məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda inşa müsabiqəsi elan edir. Rayonumuzun təhsil ocaqlarında çalışan Azərbaycan dili və ədəbiyyatı müəllimlərdən xahiş edirik ki, istedadlı şagirdləri bu müsabiqədə iştirak etməyə istiqamətləndirsinlər. Müsabiqənin qalibi olacaq ən yaxşı inşa müəllifinə pul mükafatı veriləcək. Müsabiqə iştirakçılarının nəzərinə çatdırırıq ki, yazılarını dekabrın 5-dək redaksiyamıza məktubla və ya da ki, qəzetin elektron poçtuna göndərə bilərlər. Yazıların həcmində məhdudiyyət yoxdur. Müsabiqənin münsiflər heyəti aşağıdakı tərkibdən ibarətdir: 1)Sabir Bəşirov- fəlsəfə doktoru, ədəbi tənqidçi 2)Mehdi Həsənov- Azərbaycan dili və ədəbiyyatı müəllimi, yazıçı 3)Hafiz İmamnəzərli- yazıçı-ssenarist

YENİ NƏŞRLƏR

Əbədi sevda “Təhsil” nəşriyyatı tərəfindən son dərəcə nəfis şəkildə dərc olunan kitabda toplanan şeirlər “İçimdəki dərd ağacı”, “Yurdun bayrağı”, “Mən demədim”, “Tanrıyla görüş”, “Sevgimə toxunma”, “Dostların qəlbimdə ucalan yeri”, “Təklik”, “Qoşmalar, gəraylılar” və s. bölmələrə ayrılıb. Sabir Rüstəmxanlının sözlərinə yazılmış və artıq dillər əzbəri olan mahnı mətnləri də “Mahnılar” adlı ayrıca bölmədə verilib. Kitaba həmçinin şairin “Orxonla görüş” və “Atəş böcəyi” poemaları daxil edilib. Gəmilər balıqların buludları Əslən rayonun Şələ kəndindən olan şair Rasim Qaracanın yeni şeirlər kitabı Türkiyədə çap olunub. “Gəmilər balıqların buludları” adlı kitab Ankaranın “Bence Kitap Yayınevi”ndə işıq üzü görüb. Kitaba daxil edilən qısa şeirlər ingilis, rus, türk və Azərbaycan türkcəsi olmaqla 4 dildədir. İngiliscə və ruscaya tərcümələr Esmira Serovanındır. Kitab “Çağdaş Azərbaycan şeiri” seriyasında nəşr edilib. Milanda ölüm Yazıçı Vahid Məmmədlinin “Qanun” nəşiriyyatında çapdan çıxmış yeni kitabı belə adlanır. Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri çəmlənib.

RAYONUMUZ İNKİŞAF EDİR

Bu ilin doqquz ayı ərzində rayonda tikinti quruculuq işlərinin miqyası daha da artmışdır. Şəhərin girişindən başlayaraq 2 km-ə yaxın yolun hər iki istiqamətində istinad divarları hörülür, həmin istiqamətdə yollar genişləndirilir, piyada terretuarı tikilir. Eləcə də şəhərin digər küçələrində abadlıq işləri həyata keçirilir. Daxili imkanlar hesabına Gənclər evinin tikinti işləri davam etdirilir. Bundan əlavə olaraq rayonda Statistika idarəsi və vergi terminalı üçün inzibatı binaları da tikilmişdir. Rayon Polis şöbəsi üçün inşa olunan yeni inzibati binada tikinti işləri davam etdirilir. Rayondakı bütün tikililər tikinti təşkliatları tərəfindən müasir zövqə uyğun olaraq keyfiyyətlə aparılır. Məlumat üçün bildirim ki, Ölkə Prezidentimiz İlham Əliyev cənabları tərəfindən rayonumuzda idmanın kütləvi inkişaf etdirilməsi məqsədilə yeni, müasir Olimpiya idman kompleksinin tikintisi üçün sərəncam verilmiş və kompleksin tikintisi məqsədilə layihələndirmə işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin adını daşıyacaq yeni park və 720 kv.m olan Mərkəzin tikintisi işləri sürətlə davam etdirilir. Şəhidlər xiyabanı abidə kompleksinin yenidən qurulması işləri yekun mərhələsindədir. Azərbaycan Hökümətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində rayonda ümumi uzunluğu 52,2 km olan su və 58,2 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Su çəkilişi başa çatdırıldıqdan sonra əhalisinin sayı 7050 nəfər olan Yardımlı şəhər sakinləri 24 saat su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Rayon icra hakimiyyəti və “Azərsu” ASC-nin təşəbbüsü ilə rayonun Odrağaran və Alçabulaq kəndlərində artezyan quyuları qazılmışdır. 18 kəndin içməli suya olan tələbatının təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə su çəkilişinin həyata keçirilməsi məqsədilə layihə hazırlanmışdır. Rayon İcra Hakimiyyəti, inzibati ərazi dairələr üzrə nümayəndəliklər və bələdiyyələrin birgə köməkliyi ilə rayonun Gərsava, Vərgədüz, Bilnə, Bərcan, Ərus, Anzov, Şıxhüseyinli, Peştəsər, Yolocaq, Şəfəqli kəndlərində bulaqlar tikilmiş və təmir edilmişdir. Bilnə kəndinə yeni su xətti çəkilmişdir. Sukanal idarəsi şəhər sakinlərinin içməli su ilə təmin olunması məqsədilə Heydər Əliyev küçəsində 1000 metr məsafədə, 28 may kükəsində 300 m məsafədə boru, yenisi ilə əvəz olunmuşdur. Məceyir–Yardımlı su xəttində qismən nasazlıqlar aradan qaldırılmışdır. Məlumat üçün bildiririk ki, 2006-cı ilin oktyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə rayonumuza ilk dəfə təbii qaz verildi və 252 abonent qazdan istifadə etməyə başladı. Hal-hazıradək rayonun 88 yaşayış məntəqəsi üzrə 8291 abonentdən şəhərətrafı 6 yaşayış məntəqəsi üzrə 1222 abonent, yəni rayonun (15%)-i qazdan istifadə edir. O cümlədən, Yardımlı şəhəri 68%, Bozayran kəndi 10%, Urakəran kəndi 37%, Sırıq kəndi 100%, Əngövül kəndi 100 %, Qabaqdibi kəndi 8%, Köryədi kəndi 39% təbii qazla təmin olunmuşdur. Qeyd edim ki, 10 may 2012-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibətilə Əngüvül kəndində 133 abonentə təbii qaz verilişi həyata keçirildi və bununla da əhali sektoru üzrə abonentlərin sayı 1219 olmuşdur. Hazırda, İyun ayından 300 abonenti olan Bozayran kəndinin qazlaşdırılmasına başlanılmışdır və tikinti-quraşdırma işlərinin çox hissəsi başa çatmışdır. Ünəç küçəsinin qazlaşdırılması üçün lazım olan avadanlıq gətirilmiş və artıq çəkilişə başlanılmışdır. Bundan əlavə olaraq şəhər ətrafı və kəmərboyu rayonda 12 kəndin qazlaşması nəzərdə tutulmuşdur.

BİZƏ YAZIRLAR

Bu günlərdə redaksiyamıza rayonumuzun İcra Başçısı Sevindik Hətəmova minnətdarlıq hissi ilə yazılmış bir neçə məktub daxil olub. Həmin məktubları Sizin nəzərinizə çatdırırıq: Hörmətli redaksiya! Bu yaxınlarda təsadüfən əlimə “Yardımlının səsi” qəzeti düşmüşdü. Orada rast gəldiyim bir yazı məndə xoş təəssürat yaratdı. Kövrəlib Laçınlı günlərimi xatırladım. Yazı eloğlum, həmkəndlim Sevindik Hətəmovun rayon rəhbəri kimi Yardımlıda az bir müddətdə gördüyü işlərdən, rayon ictimayəti arasında qazandığı nufuzdan bəhs edirdi. Bunu təbii qəbul etdim. Çünki Sevindik müəllimi yaxından tanıyan bir adam kimi başqa cür təsəvvür etmirdim. Mən Sevindik müəllimlə bir məktəbdə oxumuşam. Elə o vaxtlardan nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə məktəbdə böyük hörmət qazanmışdı. Bütün bunların nəticəsidir ki, Sevindik müəllim bu zirvəyə yüksələ bilib. Yaxşı xatırlayıram, atası rəhmətlik Hacıağa müəllim Güləbird kənd məktəbində tarix fənnindən bizə dərs deyərdi. Çox gözəl insan idi. O, bizə həyatda həmişə düz yol tutmağı öyrədərdi. “Düz əyrini kəsər”, “Həyatın yolu enişli, yoxuşludur”. Bu sözləri mən ilk dəfə Hacıağa müəllimdən eşitmişəm. Hacıağa müəllimə o qədər etibar edirdik ki, uşaqlıq sirlərimizi ona danışar, “dərdlərimizi” onunla bölüşərdik. Allah ona rəhmət eləsin! Onun halal süfrəsində böyüyüb boya-başa çatan Sevindik müəllim başqa cür ola da bilməzdi. Laçın da Yardımlı kimi dağlar diyarıdır. Yəqin ki, dağlar oğlu Yardımlını da özünə doğma bilir. Və elə ona görə də yardımlıları narahat edən problemləri gözəl anlayır. Mən Sevindik müəllimin qabiliyyətinə, işgüzarlığına, insanpərvərliyinə yaxşı bələdəm. İnanıram ki, yaxın illərdə Yardımlı respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Bu işlərdə Sevindik müəllimə uğurlar arzulayıram. Hörmətlə, Arzuman Cavadov *** Hörmətli redaksiya! Bu məktubu yazmaya bilməzdim. Məni buna Sevindik müəllimin insanlara olan məhəbbəti, haqq tərəfdarı və ədalətli rəhbər olması vadar elədi. Bariz nümunə kimi bir faktı qeyd etmək istəyirəm. 2005-2011-ci illərdə Xəzər Aslanovun rayonumuzda apardığı bacarıqlı kadrların sıradan çıxarılması siyasətinin acı nəticələrindən sizin də xəbəriniz var. Həmin məkrli siyasətin qurbanlarından biri də RİH-in hüquq şöbəsinin müdiri Qədir Cəfərov olmuşdu. Haqq nazilər, üzülməz atalar məsəli yersiz deyilməyib. Allah bu məsəlin həqiqət olduğunu əməli işi ilə aşılayanlara can sağlığı versin. Belə ki, Sevindik müəllim Qədir Cəfərovun savadlı, səriştəli hüquqşünas olduğunu bilib, onu yenidən öz işinə bərpa elədi. Kaş biləydiniz ki, ədalətin bərpa olması, Qədir müəllimin işinə qayıtması yardımlıları nə qədər sevindirir. Bütün bunlara görə ilk növbədə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına minnətdarıq ki, belə bir gözəl insanı, ədalətli rəhbəri rayonumuza İcra Başçısı təyin edib. Allahdan arzu edirəm ki, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən, xalqla hökumət arasında körpü olan məmurların sayı daha da çox olsun. Sonda bir vətəndaş kimi üzümü hörmətli Sevindik müəllimə tutub deyirəm, hər şeyə görə çox sağolun, Sevindik müəllim! Qabil Qaraxanlı, Urağaran kənd məktəbinin tarix müəllimi, AJB-nin üzvü, şair-publisist *** Uzun illər idi ki, keçmiş Ünəç kəndindəki, indiki Yardımlı şəhər Ünəç küçəsindəki 2 km uzunluqda olan yolun bərbad vəziyyətdə olduğundan əziyyət çəkirdik. İnanın ki, yağmurlu günlərdə həmin yolu yalnız traktorla keçmək mümkün olurdu. Bu günlərdə həmin ərazidə texnika işləyəndə çox sevindik. Az bir müddətdə yol istisimara verildi. İndi həmin yolla hərəkət edən hər kəs səbəbkara cansağlığı arzulayır. Ümumiyyətlə qısa müddətdə şəhərin Ünəç küçəsində bir sıra yeniliklər baş verib. Son vaxtlar rayonda orta məktəbə çevrilən dörd səkkizillik məktəbdən biri də bizim küçədədir. Bundan əlavə küçəmizdə qaz xəttinin çəklişinə də başlayıb. Hörmətli redksiya! Xahiş edirik ki, bütün bunlara görə Ünəç küçəsinin sakinləri adından təşəkkürlərimizi rayon rəhbərinə çatdırasınız Əliş Baratov *** Hörmətli redaksiya sabiq icra başçısı hər dəfə kəndimizdə səyyar görüş keçirəndə Ostayır-Dəlləkli yolunun bərbad halda olduğu problem kimi əhali tərəfindən ona çatdırılırdı. O da hər dəfə zarafata salıb, kinayə ilə Elman Eldaroğlunun anasının kəndidir, qoy o düzəltdirsin, deyə qulaqardına vururdu. Şükür Allaha ki, canımız bu bəladan qurtarıb. Artıq kəndimizin problemləri öz həllini tapmaqdadır. Yeni məktəb binası tikilir, yolumuz əsaslı təmir olunur. Tezliklə Ostayır-Dəlləkli yolu rayonun ən gözəl yollarından birinə çevriləcək. Bütan bunlara görə Ostayır-Dəlləkli əhalisi adından təşəkkürlərimizi Sevindik müəllimə çatdırmağınızı xahiş edirəm. Naibxan İmanov, Dəlləkli məktəbinin müəllimi

Əliş Mirzallı

(Əliş Çoban oğlu Ağamirzəyev) 1973-cü ildə Köryədi kəndində doğulub. Orta təhsilini Köryədi orta məktəbində alıb. 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. 1994-1998-ci illərdə Azərbaycan silahlı qüvvələri sıralarında hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra BDU-da təhsilini davam etdirib. 1999-cu ildə bakalavriaturanı, 2003-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib. İxtisasca nəşriyyat redaktorudur. 1998-ci ildən «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində çalışır. Hazırda «Mütərcim» NPM-in icraçı direktoru, «Mütərcim» jurnalının redaktorudur. Ə.Mirzallı pedaqoji fəaliyyətlə də məşğul olur. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetenin nəşriyyat işi və redaktəetmə kafedrasının müəllimi vəzifəsində çalışıb. 2007-ci ildən Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsində pedaqoji fəaliyyətini davam etdirir. Hazırda jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimidir. 2010-cu ildə prof. T.Cəfərovun rəhbərliyi ilə «Postsovet dövründə Azərbaycanda rus ədəbiyyatının dəyərləndirilməsi və nəşri prinsipləri» mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə (ixtisas: jurnalistika və ədəbiyyatşünaslıq) fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 1 kitabın, ali məktəblər üçün 1 fənn proqramının, 30-dan artıq elmi, 50-dən artıq publisistik məqalənin müəllifi, 2 kitabın tərtibçisidir. Ailəlidir, 2 övladı var.


Redaksiyadan: Oktyabrın 28-də görkəmli alimimiz, Milli Məclisin deputatı Musa Qasımlının 55 yaşı tamam olur. Biz Onu bu münasibətlə təbrik edir, Ona uzun ömür, cansağlığı arzulayırıq.

İSTİQLAL ALİMİ Professor Musa Qasımlının 55 yaşına düşüncələr Musa Qasımlı 35 yaşında doktorluq dissertasiyasını müdafiə etməklə tarix üzrə ən gənc elmlər doktoru ilkinliyini qazanıb Adlar təkcə dünyaya gəlmiş uşağın doğulduğu şadyanalıq ovqatında ağıla gələn ilk tanıtım nişangahı, nəslin yaddaşına üz tutub rəhmətliklərdən kimisə yaşatmaq jesti deyil. Kasandra qanununa rəğmən taleh mələklərinin soyuq təbii diktəsidi bəlkə də. Musa müəllim də adının tarixi xronologiya yükünün ağırlığını qorumaq, şərəfini uca tutmaq missiyasının öhdəsindən uğurla gəldi. Yardımlı rayonların ən ucqarıdır. Zamanında gənc, üsyankar şair Sabir Rüstəmxanlı “Sənə ucqar söylədilər” tənəsi ilə yurdunu gözdən-könüldən iraq sayanlara etiraz bildirirdi. Amma elə Sabir Rüstəmxanlının özü başda olmaqla rayondan respublika miqyasına çıxan ziyalıların sayəsində ucqarlıq epitetin yalnız fiziki coğrafiya terminalogiyasında hakim kəsilib. Vəli Məmmədov, Sabir Rüstəmxanlı, Nərçə Ağayev, Mirmahmud Mirəlioğlu, Musa Qasımlı, Fəzail İbrahimli, Mirşahin Ağayev, Telman Vəlixanlı... kimi ünlü şəxsiyyətlər məhəlli miqyasdan çıxdılar, ümumrespublika müstəvisində, hətta bütöv türk-müsəlman xəritəsində qərar tuturlar. Operator dostum Sərvər Quluyev Yardımlıya ilk səfərində: “burada nəsə qeyri-adi sehr, kosmoqonik aura var”- demişdi. Havası saf, suyu duru və diri, ormanları dalğalı, qayaları əzəmətli, bağları bəhrəli, adamları yük qaldırmağa, haraya çatmağa hazırdır. Yardımlının kəkliotusu da alayıdı, itburnusunun(gillik), yarpızının, qaragiləsinin, sirgiləsinin də ətri özgə, dadı-tamı başqa zonalarındakından fərqlidir. Və bu saf havanı ciyərlərinə çəkən, duru suyu ovuclayıb içən əlaçı uşaqlar pionerə, komsomola yazılıblar, olimpiyadalarda, inşa müsabiqələrində, “Üfüqdə parıltı” hərbi idman oyunlarında iştirak ediblər, mayın 1-də “qəstin”in qabağından sıra ilə keçib “urra, urra” qışqırıblar, paraddan sonra konservadan, limonaddan götürüblər, imkan daxilində bir çəpiş də alıb bulaq başına gediblər. “Kələkbaşı”nda durub Bakiya yollanan köhnə “alabaş” avtobusların dalınca baxıblar... və günlərin bir günü özləri də o avtobusa əyləşib yola çıxıblar, fəqət zəhmət, intellekt hesabına genişlənən yolda onları kimsəyə həyan olmaq, milli miqyasda düşünmək qabiliyyəti müşayət edib. 1974-cü ildə Hamarkənd orta məktəbini tərifnamə ilə bitirən Musa Cəfər oğlu Qasımlı da elə həmin il Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmaqla, böyük, çətin, üzüntülü, fəqət şərəfli elm yoluna çıxdı. Və bu yolda Yardımlı duruluğu simsarı oldu. Bu gün 55 yaşını qeyd edən Musa müəllimdə məndən ötrü yaş anlamı yoxdu. Musa Qasımlı elə əzəldən ahıl adamdı- bunu alimlik, müdriklik, ağsaqqallıq, qayğıkeşlik anlamında qəbul edin. Professor çox gəncdir- bu da tükənməz enerji və ürəyinin təpəri dolayısındandır. Musa Qasımlı ilə ilk şəxsi tanışlığımız “Lider” televiziyasında başlayıb. “Azərbaycan” redaksiyasının baş redaktoru kimi iş qrafikim gərgin idi. Mühafizə xidmətindən dedilər professor Musa Qasımlı gəlib. Unikal bir ideya açıqladı. “Azərbaycan nefti beynalxalq münasibətlərdə” mövzusunun video versiyasını təklif edirdi. Mövzunun aktuallığını, siyasi əhəmiyyətini nəzərə alıb baş direktorla məsləhətləşmədən birbaşa razılıq verdim. Sujet xəttini, müsahibələri müəyyənləşdirdik. Elə o məqamda Musa Qasımlının obyektivliyinin, elmə, fakta münasibətdə vicdanlı yanaşmasının şahidi oldum. Söhbətləri və məsləhətləri filmin ana xəttini tarixi gercəkliyin, elmi faktalogiyanın, siyasi analizin üzərində qurmağa əsas verirdi. Qəfil Yardımlı ləhcəsi ilə danışdı. Təəccüblə üzümə baxdı və dövlətçilik, Azərbaycanlılıq naminə mühüm layihələri gerçəkləşdirən bir redaksiyanın rəhbərliyində eloğlusunu görməkdən qürur duyduğunu dilə gətirdi. İnsafən, baş direktor da proyekti dəstklədi. Yubanmadan işə başladıq. Film sentyabrın 20-də “Əsrin müqaviləsi”nin ildönümündə efirə getməliydi. Maraqlı komanda yığılmışdı. Eloğlumuz, istedadlı rejissor Mirsadıq Ağazadə, təşkilatçılıq qabiliyyətinə görə əvəzolunmaz prodüser Elman Dadaşoğlu və mən Musa müəlimlə işləməkdən fərəh duyurduq. O dar macalda professor çəkilişlə, arxiv materialları ilə maraqlanır, özü respondentlərə zəng vurur, mövzü üzrə istiqamət verir, filmin siyasi, elmi-nəzəri yönünün qayğısına qalırdı. Adətən gecələr montaj stoluna otururduq. Montaj arası qısa istirahətlərdən, maraqlı, şən söhbətləri, ən çətin məqamda belə optimizmi bizə Musa Qasımlının sadəliyini, zərif yumor hissini, insanpərvəliyini dərindən tanıtdı. Film istədiyimizdən də uğurlu alındı. Və bu uğurda daha çox Musa Qasımlının payı vardı. Azərbaycanın Neft tarixi, siyasi-ictimai geopolitik, geocoğrafi, diplomatik, iqtisadi, milli mücadilənin qazanılması və onun qorunması prizmasından analitik təhlillə çəkilmişdi. Bu isə, heç şübhəsiz professorun bilgiləri sayəsindəydi. Musa Qasımlı 35 yaşında doktorluq dissertasiyasını müdafiə etməklə tarix üzrə ən gənc elmlər doktoru ilkinliyini qazanıb. Beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı tarixçi kimi formalaşan Musa Qasımlı uzun müddətdir ki Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni müasir tarixi kafedrasında müəllim, baş müəllim, dossent, tarix fakultəsində dekan müavini kimi çalışır. Azərbaycan Respublkasının Milli Məclisinin deputatıdır. Üzvü olduğu qurumların və xarici ölkələrdə çap olunmuş əsərlərinin adı bir yazıya sığmasa da, bəzi faktlrı sadalamamaq qeyri-mümkündür. Bircə onu demək kifayətdir ki, Azərbaycan tarixinin öyrənilməsində bir çox sahələrinin ətraflı tədqiqi məhz Musa müəllimin adı ilə bağlıdır. 1. Birinci dünya müharibəsi illərində(1914-1918) böyük dövlətlərin Azərbaycan siyasəti. 2. 1920-1945-ci illərdə Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər. 3. 1920-1922-ci illərdə Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri. 4. 1920-1924, 1960-1991-ci illərdə Sovet-Türkiyə diplomatik-sayasi münasibətləri. 5. 1946-1991-ci illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri. Ali məktəblərin tədris vəsaitində önəmli yer tutan “Beynalxalq münasibətlər tarixi”, 2 hissəli “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Siyasi tarix”, “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Müəllim hazırlığının və orta təhsilinin prespektivləri, “Yeni tarix”, “Amerika Birləşmiş Ştatlarının xarici siyasəti(1945-2008) “SSRİ-Türkiyə münasibətlərində ABŞ alimi” və digər dərslikləri, fənn proqramları da eloğlumuzun gərgin axtarışlarının səəmərəli nəticəsidir. Qeyd etdiyim kimi, Musa Qasımlının Azərbaycanda və xarici ölkələrdə işıq üzü görən kitablarını, jurnallardakı yazılarını sadalayıb qurtarmaq mümkün deyil. Bu kitablardan biri-“İstiqlal fədaisi”ndən söhbət açmaq istərdim. Ümummilli lider Heydər Əliyev haqqında yetərli sayda kitablar, elmi əsərlər yazılıb, bədii və sənədli filmlər çəkilib. Fəqət, Heydər Əliyevin siyasi məktəbi, idarəçilik metodu, fəaliyyəti fəlsəfi kitablara, filmlərə sığmır. Hər zaman bu böyük şəxsiyyətin ömür yoluna yeni baxış bucağı gərəkir və Musa Qasımlının yanaşmasında yeni fikir, avanqard versiya hasil oldu. Onun əsəri- mən bunu sənədli siyasi roman da adlandırardım- patetikadan, ümumi tərif dolu cümlələrdən ibarət deyil. Səbr və təmkinlə ABŞ, Gürcüstan, Rusiya, Türkiyə arxivləri araşdırılıb, Sov.İKP gizlinləri, “Tam məxfi” qrifli müəmmaları nəzərdən keçirilib, görkəmli şəxsiyyətlərin Heydər Əliyevə verdiyi dəyər anlaşıqlı dildə oxucuya çatdırılıb. Müəllif heç nə demir, faktlar arxiv rəflərindən baş qaldırıb şəxsiyyət əfsanəsini söyləyir, Heydər Əliyev titanikliyini təsvir edir. Məhz bu araşdırmalar sayəsində Heydər Əliyevin Azərbaycan naminə, onun milli məfəkürəsinin təşəkkülünə, istiqlal strategiyasına hesablanmış, bu günümüzə yönəlik addımları, nəzəri konsentual fəaliyyət proqramı açıq aydın görünür. Musa Qaımlının 55 yaşı tamam olur. Yanaşı iki beş... Dəqiq bilmirəm, amma mənə elə glir ki, Musa müəllim orta məktəbdə də, universitetdə də həmişə “5” qiyməti alıb. İnşa yazılarda drobla iki qiymət verilir: biri məzmununa görə, digəri orfoqrafik düzgünlüyü sarıdan. Gərgin axtarışları, peşəkar araşdırmaları ilə milli istiqlalığımıza töhfə vermiş tarixçi alim, professor, millət vəkili, dünya çapında tanınan geopolitik Musa Qasımlının 55 illik mənalı ömrü sözügedən qiymət anlamında məzmununa və dürüstlüyünə görə 5/5 dəyəri ilə ölçülmək şərəfindədir. Hafiz İmamnəzərli


İlahi sevgili “söz dərzisi”

...Haqqa peyvənd yaranmışam, ruhum calaq sevən deyil! S. Rüstəmxanlı Bədii fikir, poetik tanışlıq - sənət dünyasında möcüzə sayılan bu anlayış haradan başlayır?! Bunu bilmirik! Ümumi bildiyimiz budur ki, mənəvi dünyanın poetik şərhçilərinin pak nəfəsidir şeir. Bədii düşüncələr adlanan “xammaldan istehsal olunan” şeir idrakın zirvəsi, hissin yanğısı, ruhun qidasıdır. Təsadüfi deyil ki, söz dünyasının günəşi sayılan, sözünün şəfəqləri Gəncədən bütün dünyaya yayılan dahi Azərbaycan şairi, mütəfəkkiri ulu Nizami sözü “Fərəhlər süfrəsinin ən dadlı azuqəsi” adlandırmışdır. Əlbəttə, söz Nizami üçün şeirin özü idi və o, sözünü - şeirini Tanırının mübarək adıyla başladı və onunla da tamamladı. Ömrün çırpıntısıdı, Ruhun pıçıltısıdı, Mən ki, şeir yazmıram... Taleh yaşantısıdı - deyən və mübarək duyğularını Allah eşqinə paylayan həya, ismət pərdəli bir çağdaş şairəmiz də var- Səmayə Xudaşirin. Sevimli oxucuları ilə dördüncü görüşü olan 388 səhifəlik “Allah eşqinə sübh çiçəkləri” şeirlər kitabından şairənin tərcümeyi-halını oxuyuruq: Səmayə Xudaşirin (Adışova Səmayə Xudaşirin qızı). 1956-cı ildə Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya gəlib. Kəndin ilk ali təhsilli qadınıdır. Mətbuatda imzası 1983-cü ildən görünür. 15 ildir ki, Qaradağ rayonunun uşaq baxçalarından birinin müdürəsidir. Ailələidir, 3 oğlu, 3 qızı var. “Qızıl qələm” mükafatı laueratıdır. Əlavə məlumat üçün deyim ki, Səmayə xanım Xalq şairi Sabir Rüstəmxanlının və səmimi “Etiraf”ına görə (şeirlər kitabını nəzərdə tuturam) çox sevdiyim dostum şair-müəllim Sadatın bacısıdır. Səmayə Xudaşirin titullu qardaşına “Dünyanın yaşıdı” və yazıçı Anar Rzayeva “Böyük qardaş, incə ruhlu bir vətəndaş” kimi dəyərli qiymətini şeir tərkibində vermişdir. O həm də yazarlar ordusunun şairanə vəsf edir: Şairlərin sirrləri var, gizli-aşkar. Yaşamazlar onlar sirli olmasalar. Dolaşarlar diyar-diyar, Şairlərə gözəllər yar. Şairlər dünyalara sığışmayan eşq arayar. Aramaq axtarib tapmaqdır. Nə yaxşı ki, “söz libası” axtarışında qiymətimizə yenə dəyərli bir arama, axtarış çıxdı. “Duyğum könül yalvarışı, Gəl bu səsə yaxın olaq!” – deyən Səmayə Xudaşirinin yaxınlaşaq “söz evimə”, salamlaşaq və həmsöhbət olaq. Özünün, sözünün batini gözəl olan İlahi vergili bu şairənin sözü-şeirdə yuva bağlayıb, bağrının başında və kövrək duyğularını nəzmin yuvasından pərvazlanaraq oxucu qəlbinə qonub. Klassiklərdən, eləcə də M.V.Vidadinin “Allah da çox sevir şeirin səsini” ifadəsindən güc alan şairə Səmayə şeirə sonsuz məhəbbətini, sevgi, sayğısını belə açıqlayır: Məni öz başıma qoysa Allahım, Canım yenə şeiri götürəsidir. Şairənin şeir sevgisinin bir adı, bir üzvü var – Tanrı sevgisi. Yazdıqları da Haqqın eşqinədir! Qərarı da qətidir. Bir Allah hakim: Buludlar altında, Dağın, dərənin, Gen-geniş yolların Yaradını kim?! Ən böyük alinin Ümid işığı, yerlə göy arası Bir Allah hakim! Şeir həm balası, həm də bəlası olan müəllimə - şairə Səmayə xanımın dünyaya göz açan kitablarının adları da dəyişməz ünvandır: “Haqqın işığına söylədiklərim” Bakı “MBM” nəşriyyatı 2008, redaktor və ön söz müəllifi AMEA Folklor İnstitutunun elmi işçisi Tacir Səmimi, “Mübarək duyğular Allah eşqinə” Bakı “Nurlan” 2010, red.T.Səmimi Allah eşqinə sübh çiçəkləri. Bakı “Elm və həyat” 2012, red. T.Səmimi. Qələmindən dürülü-dürülü sözlər süzülən şairənin bütün kitablarına ön sözü ilə bələdçilik missyasını uğurla yerinə yetirən T.Səmimi də haqlı olaraq yazır: “Şairənin Allaha ünvanladığı şeirləri diqqət çəkəndir. Bu şeirlərdə daha çox Yaradana şükranlıq hiss olunur...” Namaz qılıb oruc tutan, bir müsalman, dindar şairə xanımın Allaha şükrünü eşitmək savabdır. Qazanaq bu savabı: Eşqinin gün işığına, Haqqının yar işığına, Ömrünün nar işığına, Düşmüşəmsə, şükr Allaha! Ağlın qələbəsini Allaha məhəbbətə görə Səmayə Xudaşirin bunu ən əziz nemət sayır və bu mövzunu yaradıcılığının tərkib hissəsinə çevirir - atomun tərkib hissəsi elektron zərrəciklərdən ibarət olduğu kimi. Şairənin bütün və bütöv yaradıcılığına Allah eşqinə prizmasindan baxmaq daha doğru olar. O, Yaradana olan eşqini janr sabitliyi gözləmədən şeirə çevirir: ...Eşqin ki, günəşi Yandırıb-yaxıb. Haqqın ki, Dəmadəm Əlini sıxıb, Yenə Böyüklüyün Üzümə baxıb Bağışla, Eziz Allah! Bağışla, Özünə, Üzünə, Uzağa, Yaxına!.. Şairə Səmayə Xudaşirinin 1000-dən artıq şeirlərindən ibarət olan külliyatını mənə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, “Yardımlının Səsi” qəzetinin yaradıcısı Elman Eldaroğlu təqdim etdi və tapşırdı ki oxuyub bədii təhlil aparım. Söz verdim və yalançı çıxdım. Çünki şairənin yaradıcılığını “Ön söz” adıyla T.Səmimi tam şəkildə son sözə qədər elmi və bədii təhlil edib. Şairənin “Könül dünyasından öyrəndiklərim” kitabına redaktor T.Səmimi 4 səhifəlik ön söz yazmışdır. Redaktor heyyətini gizlətmir: “Onun könül bağçasının min bir rəngli gülləri adami elə ilk andaca sehrləyir, heyrətləndirir, düşündürür...” Duyğular selinə düşən zamanda Bənövşə yolunda aşan zamanda Eşqin qazanında bişən zamanda, Sevgi nə gözəl. Bəli şairənin sevgisi gözəldir. Bu sevgi saf və pak qəlbin sevgisidir. Bu sevginin mənbəyi Haqq özüdür və Haqqın özünədir. Şairə bu mücərrəd anlamı özünəməxsus biçimdə, bədii lövhələrlə konkret varlığa çevirir: Haqq olunca təsəlli Dünyanın gərdişində Olur hər şey əvəzsiz... Savadlı müəllimə, mənən dəyərli insan, bəşəri duyğular aşiqi Səmayə Xudaşirinin mövzu baxımından rəngarəng və zəngin yaradıcılığından çox danışmasaq da, çox dəyərli bir tövsiyə öyrəndik - Yüngüllük etmə: Xırda adamlara Qarışmaq olmaz. Mənasız işlərə Vaxtı sərf etmə - Yüngüllük etmə! Nəfsini özünə ram edən, qismətiylə könlünü aram edən, yalana düşmən olan təmiz ad daşıyıcısı Səmayə Xudaşirin insan ləyaqətinə baş əyir, bunu əvəzolunmaz miras hesab edir. Şeiri hissinin, duyğusunun carçısı, əqidəsinin yolçusu hesab edən şairə şeirin dili ilə belə bir hökm verir. Bir arzu dəyəridi, Taleyin əyəridi, Öz haqqını güdaza verən Nəfsinin əsiridi. Yaşasın zaman-zaman, Ucuzlaşmasın insan! Biz də elə bir arzu-istək əhvali-ruhiyyəsi ilə sevimli oxucularla sağollaşmaq istəyirik və onların şeir oxumaq üçün ayırdıqları vaxtlarını əlindən almaq istəmirik. Böyük millətin böyük şairi Musa Yaqub belə bir fikir söyləyir: “Əslində şeir olan yerdə gərək əlavə danışmayasan, şair haqqında izah verməyəsən. Çünki şairin fikri də, duyğu və düşüncəsi də, sevgisi də onun şeirlərindədir...” Yazıma sonluq olaraq şairənin tədqiqat xarakterli “Ay işığı, qonağınam!..” adlı təzəcə nəşr olunan kitabından müəllifin özünün “Ölməz duyğulara qibtə” adlı yazısından dəyərli sitatla bitirirəm: “Hər gülə, ota, yarpağa, xırda böcəyə, torpağa, canlı-cansız nə varsa, diqqət verəndə Yaradanın qüdrətinə mat qalıram. Sonra da saysız-hesabsız nemətlər içindən Allaha üz tutur, əl açıram. Ulu Yaradan bu dünyada bizə sonsuz məhəbbətini əsirgəməyib. Ana, vətən, övlad sevgisi, nəhayət, müqəddəs İlahi paklığa qovuşduran, canlı nura bələyən könül sevgisi insanı ilahiləşdirir. Bu ilahi sevgi çeşməsi ürəkdən axdıqca səni bütün zamanlara qovuşdurur...” Eynulla İsmayıllı, ədəbi tənqidçi Redaksiyadan: Bu günlərdə AJB-nin həmkarlar təşkilatı Eynulla müəllimə “Qızıl qələm mükafatı lureatı” fəxri adı verib. Onu bu münasibətlə təbrik edirik.


TALEYİ ÜZÜNƏ GÜLƏN ADAM

Müsahibimiz Milli Məclisin vətəndaşların qəbulu və ərizələr şöbəsinin müdiri İbrahim Yusifzadədir - İbrahim müəllim, işin içində olan adam kimi, hansı qənaətə gəlmisiniz: xalqımız ən çox nədən şikayət eləyir? - Evlərində bilmirəm, amma bizim şöbəyə edilən şikayətlərin, müraciətlərin çoxunun məsələn, Milli Məclisin işinə, qanunvericiliyə heç bir dəxli olmur. Şikayətlərin səksən faizi məişətlə, sosial problemlərlə bağlıdır. Ərindən boşanan, qayınanası ilə yola getməyən, işdən çıxarılan, işə düzəlmək istəyən, ev problemi olan adamlar şikayət və müraciət eləyir adətən bizim şöbəyə. Hansı problemlərin ki, həlli bizim əlimizdə deyil. - Bəs, cavabınız necə olur həmin şikayətlərə? - Həll edə bilməsək də, aidiyyatı orqanlara yönləndiririk və nəzarətdə saxlayırıq. - İbrahim müəllim, ixtisasca ədəbiyyatşünassız. Hətta eşitdiyim qədərilə bir çox musiqi alətlərində də ifa edə bilirsiniz. Gəncliyinizdən bəri şeirlər yazırsınız. Yəni əslində yaradıcı naturanız var. Bəs, niyə yaradıcılığı deyil, məmurluğu seçmisiniz? - Mən ilk şeirlərimi yazandan sonra onları rayon qəzetinə apardım. O vaxtlar artıq ictimai fəaliyyətə başlamışdım. Redaktor mənə dedi ki, sən indidən bir qərar ver: şair, yazıçı olmaq istəyirsən, yoxsa dövlət qulluğunda çalışmaq istəyirsən? Dedim ki, dövlət qulluğunda çalışmaq istəyirəm. Dedi, onda bu şeirləri çap etdirməyin də bir adı yoxdur. Həm şair, həm məmur bir arada olan iş deyil. Məmurluğu seçdinsə, şairliyin başını burax. - Elə mən də onu soruşuram ki, niyə məmur olmaq istəyi daha güclü oldu? Axı yaradıcı adamın vəzifədə elə də gözü olmur... - Nə bilim, bu mənim uşaqlıq arzum idi. Uşaqlıqdan kəndə dövlət maşınında, yan-yörəsi böyük adamlarla gələn dövlət məmurlarına hörmətlə, heyranlıqla baxırdım. Bu mənim üçün əlçatmaz bir şey idi. İndisə artıq 44 ildən çoxdur ki, dövlət qulluğunda çalışıram. - Bu illər ərzində heç rüşvət almısınız? - Murtuz Ələsgərov Məclisə sədr gələndə ona kimsə çatdırmışdı ki, guya mən rüşvət alıram. O da iclaslardan birində dedi ki, İbrahim, eşitmişəm, rüşvət alırsan? Heç halımı pozmadım. Dedim ki, Murtuz müəllim, mən and içmirəm ki, rüşvət almamışam. Amma and içirəm ki, mənə heç vaxt rüşvət təklif etməyiblər. Hamı güldü. Sizin də sualınızın cavabı budur. Bilirsiz, axı bu elə bir şöbədir ki, mən heç kimin işini həll edə bilmərəm. Belə olan halda, kim mənə rüşvət təklif eləyəcək? Məntiqli deyil axı. - Amma yəqin ki, işinizdən, nüfuzunuzdan istifadə edərək, yaxınlarınızın, qohumlarınızın işini həll etmisiz, vəzifədə qabağa çəkmisiz? - Kim layiqdisə, kimin doğrudan da bacarığı varsa, hamısına əlimdən gələn köməyi eləmişəm. Təbii ki, qanun çərçivəsində, təbii ki, heç kimin haqqını tapdamayaraq. Amma bəzən çox yaxın adamlarım olub, işlərini həll etmək mənim əlimdə olub, amma kömək eləməmişəm. Çünki görmüşəm bacarıqları yoxdur, o işə layiq deyillər. - Anar Yusifoğlu adında bir qardaşınız var. Onun üçün nə eləmisiniz? - Anar mənim ürəyimdir. İnsan öz ürəyi üçün nə eləyə bilərsə, mən də Anar üçün eləmişəm. Amma mən Anarı harasa, kiməsə tapşırandan sonra, mənə təşəkkür eləyiblər onun çalışqanlığına, istedadına görə. Bu gün o İctimai Telekanalda departament rəhbəridisə, bu onun öz xidmətidi, mən onu sadəcə reportyor kimi məsləhət görmüşdüm. - İbrahim müəllim, axırıncı dəfə nə vaxt saz çalmısınız? - İki-üç gün bundan qabaq. - Nəsə tədbir, məclis idi? - Yox, saz çalmaq üçün mənə tədbir, məclis lazım deyil. Könlümə düşən kimi, əlimi atıram saza. Bir dostum mənə sədəfli saz hədiyyə verib, elə iki-üç gün bundan əvvəl o sədəfli sazı çalmışam. - Yaradıcı tərəflərinzlə bağlı maraqlı bir xatirə danışa bilərsiniz? - Bir dəfə Sabir Rüstəmxanlı ilə yasa getməli idik. Bir dostumuzun yaxını rəhmətə getmişdi. Yasa üç nəfər getməli idik. Oturdum Sabirin maşınına, getdik o üçüncü dostumuzu evindən götürməyə. Yolda Sabir mənə bir bağlama verdi ki, sənə Türkiyədən hədiyyə gətirmişəm. Amma açma, evdə açarsan. Dedim ki, evə niyə saxlayıram e, mənə almısansa, elə burda açacam. Dirəndi ki, yox evdə açarsan. Dözmədim, bağlamanı açdım. Baxdım ki, bir dənə zurnadı. Guya məni dolamaq üçün zurna alıb Türkiyədən. Mən də eləmədim tənbəllik, zurnanı aldım əlimə, başladım çalmağa. İndi biz maşında gedirik, pəncərəni açmışam, zurna çalıram. Hamı da Sabiri tanıyır axı, baxırlar ki, Sabir Rüstəmxanlı maşınla gedir, yanında oturan bir adam da ona zurna çalır. Sabir nə qədər yalvardı, fikir vermədim. Dedim, bəs sən mənnən məzələnib, zurna ala bilirsən? - İbrahim müəllim, qalstuk, kostyum sizi heç sıxmır? - Yox. Mən dövlət qulluqçusuyam. İşimin atributlarına hörmətlə yanaşıram. İşim necə tələb edirsə, o cür geyinirəm. - Hörməti, tələbi başa düşürəm. Demirəm ki, etiraz eləyəsiz bu atributlara. Soruşuram ki, şeir yazan, saz çalan, əyalət adamı, el adamı olaraq, bu atributlar sizi sıxmır ki? - Yox. Özümü bu paltarda çox rahat hiss eləyirəm. - İbrahim müəllim, şeirlərinizi çap etdirirsiz? - Yox. Bayaq dedim axı, həm məmur, həm şair adına iddia eləmək mümkün deyil. Gərək ya məmur, ya şair olasan. Mən yazıram, amma çap etdirmək, kitab çıxarmaq fikrim yoxdur. Özüm üçün, öz ehtiyacım üçün yazıram. Şeir mənə çox kömək eləyir. Cavanlıqda sevgi üçün kömək eləyirdi, indi başqa mənəvi problemlərə kömək eləyir. Bu mənə bəsdi. - Şeirlərinizdən birini deyə bilərsiniz? - Əlbəttə... İbrahim müəllim qafiyə ilə yazdığı nəsihətamiz bir şeirini əzbərdən deyir. Sonra heç gözləmədiyim halda, bir neçə il əvvəl metroda gördüyü gözəl bir qıza həsr elədiyi «naməlum gözəl» şeirini oxuyur. Mənsə bu romantikliyin, rəsmiliyin, məmurluğun, şairliyin qarışığında ilişib qalmışam...


SƏNİ KİM UNUDAR?..

Onu bir çoxları el-obaya heç bir dəstəyi dəyməyən adam kimi qələmə verməyə çalışır. Onun əl tutduğu adamların çoxu haqq dünyada olsalar da xeyirxahlıqlarının şahidləri sırasında aramızda olanları da çoxdur. Vəli Məmmədov indiyədək Yardımlıdan pərvazlanıb ölkəmizdə tanınan yurddaşlarımız arasında ən dəyərlilərindən biri olub. Əfsuslar olsun ki, biz bir el-oba olaraq onun xatirəsinə layiqincə ehtiram göstərə bilmirik. İyirmi bir ildir ki, aramızda yoxdur. Bu iyirmi bir ildə onun doğulub boya-başa çatdığı yurdda nə anım günü qeyd olunub, nə də doğum günü. Nə yaxşı ki, dövlətimiz adının əbədiləşməsinə diqqət göstərib- rayondakı 2 saylı məktəb və Dəlləkli kəndinə uzanan küçə Vəli Məmmədovun adını daşıyır. Amma gəl ki, adını daşıyan məktəbin şagirdləri Vəli Məmmədovun tarix qarşısındakı xidmətlərindən xəbərsizdir. Çünki həmin məktəbdə onunla bağlı heç bir marifləndirmə işləri, mədəni-kütləvi tədbirlər keçirilmir. Adını daşıyan küçədə bu yaxınlaradək onunla bağlı heç bir guşə yox idi. Kimdir günahkar? Nə vaxta kimi biz özümüz-özümüzə biganə olacağıq, özümüz-özümüzə diqqətsiz qalacağıq? Nə vaxta qədər biri-birimizdə səhv axtaracağıq? Rayondakı məktəblərin direktorları nə vaxt özlərində cəsarət tapıb bir zamanlar həmin məktəblərin şagirdləri olmuş, bu gün ölkədə sayılıb-seçilən ziyalılarımızın rəhbərlik etdikləri məktəblərdə görüşlərini təşkil edəcəklər? Görəsən Sabir Rüstəmxanlının, Fəzail İbrahimlinin, Musa Qasımlının, İbrahim Yusifzadənin, İqbal Babayevin və onlarla ölkədə sayılıb-seçilən ziyalılarımızın təhsil aldıqları məktəblərdə direktorlar onların hər birindən söhbət açan nəyinsə təşkil olunmasına niyə maraqlı deyillər? Bunun üçün hökmən hansısa mötəbər adamın göstərişimi lazımdır, yoxsa içdən gələn bir sevgi? Keçən ayın 11-də Vəli Məmmədov küçəsinə və mərhumun bir vaxtlar yaşadığı evə xatirə lövhəsi vurduq. İki-üç saat vaxt tələb olunduğuna baxmayaraq düz bir aydır ki, rayon rəhbərinin müavinlərindən birindən, Yardımlı şəhər icra nümayəndəsindən, komunal təsərrüfat xidmətinin rəisindən dəfələrlə xahiş etsək də, söz versələr də hələ ki bu lövhələrin ətrafında səliqə-səhman yaradılmır və nəzərə alınmır ki, bu gün-sabah qış gəlir. Yoxsa bu adamlar elə düşünürlər ki, onların tutduqları zirvələr Vəli Məmmədov zirvəsindən yüksəkdə durur? Lap elə bir çoxlarının yanlış düşüncəsinə cavab olaraq Vəli Məmmədovun el-oba adamlarına etdiyi yaxşılıqları da sadalayacağam: alimlərdən Mahmur Kərimova (Gilar), Bəbir Tağıyevə (Porsova), Möhtəmən Eyniyevə (Kürəkçi), Təzəxan Soltanova (Telavar), Kamil Əliyevə (Perimbel), Sabir Rüstəmxanlıya (Hamarkənd), Fəzail Tağıyevə (Çanaxbulaq), İbrahim Yusifzadəyə (Şıxlar), ziyalılardan mərhum Kamal Ağayevə (Kürəkçi), Mehdixan Atamoğlan oğluna, Alıgül Qasımova (Kürəkçi) və onlarla yurddaşımıza müəyyən məqamlarda dəstək olub. Bakıda məskunlaşmış bir çox eloğlularımızın mənzil almasına, təmirinə, mənzillərinə telefon çəkilməsinə təmənnasız kömək edib. Biz bu siyahını uzada da bilərik, amma bütün bunlar Vəli Məmmədov şəxsiyyətinin, onun vətən qarşısında xidmətlərinin fonunda çox xırda işlər olduğundan fikrimizə nöqtə qoyuruq. Bəli, Vəli Məmmədov XX əsrdə yaşamış Yardımlının ən görkəmli yetirməsidir. Bu günlərdə rayon rəhbərinə müraciət edərək Yardımlı rayon Nizami adına Mədəniyyət evində mərhumun xatirəsinə həsr olunan “Millətin Vəlisi” sənədli filmin nümayişinə razılıq almışıq. Tədbir noyabrın 19-u saat 11-ə planlaşdırılır. Fürsətdən istifadə edib Vəlisevərləri həmin tədbirə dəvət edirik.


ELAN

Noyabrın 3-ü saat 12:00-da Yardımlı rayon Nizami adına Mədəniyyət evində Millət Vəkili, professor Musa Qasımlı ilə görüş keçiriləcək. “Yardımlı Xeyriyyə Cəmiyyəti” tədbirdə iştirak etmək istəyən yurddaşlarımızı həmin tədbirə dəvət edir.


60 yaşın mübarək, Yadigar müəllim!

Redaksiyadan: Yadigar Qələm bizim üçün əziz adamlardan biridir. O vaxtki rayon rəhbərinin qorxusundan qəzetimizi əlinə almağa belə ehtiyat edən bəzi yurddaşlarımızdan fərqli olaraq nəinki açıq-aşıkar qəzetimizi izləyir, hətta çəkinmədən yayımlanmasında da bizə yardımçı olan qardaşlarımızdandır. Məhz onun səyi nəticəsində neçə illərdir ki, Yolocaqlı oxucularımız mütamadi olaraq qəzetimizi oxuya biliblər. Bundan əlavə o, bir vətəndaş kimi o vaxt rayonumuzda baş verən haqsızlıqlara biganə qala bilmədiyindən mütamadi olaraq qəzetimizə rayondakı ab-havaya uyğun satirik şeirlər göndərirdi. Təkidlərinə baxmayaraq biz onları çap etmirdik. Ona görə yox ki, həmin şeirlər zəif və ədalətsiz şeirlər idi, ona görə ki, Yadigarı o vaxtkı rəhbərin qəzəbindən qorumalıydıq... Bir vaxtlar cəsarət göstərib rayonda baş verən haqsızlıqlara etirazını bildirməyən, özünü həm kar, həm kor kimi aparan bəzi yurddaşlarım bu gün el-obaya özünü cəsarətli adam kimi sırımağa çalışmasınlar, necə deyərlər, biz həmin dövrün ağrı-acılarını daha çox yaşayan tərəf olaraq çox şeylərin şahidiyik. Sabiq icra başçısının qarşısında əzilib-büzülən, ikiqat dayanan və ya özünü rəhbərə sədaqətli, işgüzar göstərən, amma onun kabinetindən çıxan kimi min yerə məlumat ötürən bəzi mindilliləri də yaxşı tanıyırıq. Belələrinin dostluğu, sədaqəti, işgüzarlığı görüntü deyilmi? Mələk cilidinə girsələr də rayonda necə “mutilşik”lik etdiklərini yaxşı bilirik. Rayondakı problemlərlə bağlı tənqidi materiallara görə o vaxt qəzetimizin təsisçisi, onun doğmaları sifarişlə işdən çıxarılanda ağzılarına su alıb susurdular, ədalətsizliklərə münasibət bildirməyə cəsarətləri çatmırdı... Bəli, Yadigar Qələm bizə bir eloğlu, bir şair kimi çox əzizdir. Biz də öz növbəmizdə Yadigar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, xöşbəxt həyat arzulayırıq.